Aytən Məmmədova

Müstəqil jurnalist

NÜMAYƏNDƏLİK İNSTİTUNUN LƏĞVİNDƏN SONRA

07.01.2019 / Olan yenə kasıba oldu

Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılmasının bir ili tamam oldu. Ötən bir il göstərdi ki, hələ parlamentdə bu məhdudlaşdırma ilə bağlı müzakirələr gedən vaxt ona qarşı çıxanlar, etiraz edənlər haqlıymışlar. Qanuna edilən dəyişiklik xeyli adamı köməksiz vəziyyətə salıb.

Söhbət Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmədə təmsilçiliyindən gedir. Əvvəllər ancaq cinayət işlərində nümayəndənin mütləq Vəkillər Kollegiyasının üzvü olması tələb olunurdu. 2017-ci ilin sonunda qanuna edilən dəyişiklikdən sonra artıq mülki işlərdə də Kollegiyanın üzvü olmayan şəxs nümayəndə kimi iştirak edə bilməz. Hətta uzun illər təcrübəsi olan hüquqşünas olsa belə...

Bu da o deməkdir ki, hər hansı problemini məhkəmə yoluyla həll eləmək istəyən şəxs vəkillə mütləq müqavilə bağlamalıdır. Müqavilə bağlamaqdan ötrü də yetərincə maliyyə lazımdır. Yəni dəyişiklik sosial-iqtisadi durumu ağır olan minlərlə vətəndaşa ciddi problemlər yaradıb.

Azərbaycan Konstitusiyasının 61-ci maddəsində deyilir ki, hər bir vətəndaşın yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Ancaq indi elə vətəndaşlar var ki, nəinki yüksək keyfiyyətli, ümumiyyətlə, hüquqi yardımdan məhrumdurlar. Məsələn, paytaxt sakinləri Rəna Məmmədova, Reyhan Balabəyova kimiləri...

“Ay oğlum, 300 manatım olsaydı...”

Yasamal rayonunda yaşayan Rəna Məmmədova deyir ki, “Azəriqaz” əməkdaşları onun sayğaca qaz yükləməkdən ötrü istifadə etdiyi kartı bloklayıblar. Səbəb kimi sayğaca müdaxilə olunduğunu göstəriblər. O da “Azəriqaz”ı məhkəməyə vermək qərarına gəlib. Amma pulu olmadığından vəkillə müqavilə bağlaya bilməyib ki, məhkəmədə hüquqlarını müdafiə etdirə, haqlı olduğunu sübuta yetirə bilsin: “Hələ mən o tərəfini demirəm ki, sayğac küçədədir. Yasamalda da həyət evləridir, bütün günü küçədə sayğacın yanında dayanıb onu güdə bilmərəm ki... Bəlkə də cərimə yazmaq üçün yalan deyirlər. Vəkilin yanına getdim, tanışlıqla 300 manat pul istədi. Dedim, ay oğlum, 300 manatım olsa, dərhal onların tələb elədiyi 286 manatı ödəyərəm, qışın günündə soyuqdan donmaram ki... Onda da günah yoxdur, deyir, biz də müqavilə pulunun bir hissəsini Vəkillər Kollegiyasına köçürürük”.

R.Məmmədova danışır ki, axırda əlacsız qalıb, eyni problemə görə məhkəməyə müraciət edən qonşusunun vəkilə hazırlatdığı iddia ərizəsini alıb, ad-soyad, ünvan və s. məlumatları dəyişməklə özü üçün ərizə hazırlayıb. İddia ərizəsini məhkəməyə təqdim etsə də, hələ baxılmayıb: “Mən hüquqşünas deyiləm axı, birdən-ikidən də ərizə yazmamışam. Heç bilmirəm, necə olacaq.”

“Vətəndaşlara yardım göstərə bilmirik”

Azərbaycanda maddi durumu vəkil tutmağa imkan verməyən vətəndaşlara dövlət hesabına pulsuz hüquqi yardım imkanı var. Amma bu, müəyyən kateqoriyadan olan işlərə aiddir. Nazirlər Kabinetinin qərarında ancaq inzibati xətaya görə həbslərdə, cinayət işlərində təqsirləndirilən şəxslərə, bir də kassasiya instansiyasına (Ali Məhkəməyə) şikayət etmək istəyən vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur. Yəni bu işlərdə vətəndaşın özünün vəkillə müqavilə bağlamağa imkanı yoxdursa, ona dövlət hesabına vəkil verilir.

Azərbaycanda vətəndaşa göstərilən ödənişsiz hüquqi yardımın hər saatına görə dövlət əvvəl 2 manat ödəyirdi. 2018-ci ilin fevralında prezidentin sərəncamıyla bu məbləğ artırıldı. İndi ödənişsiz hüquqi yardımın hər saatına görə dövlət hesabına təyin edilən vəkilə 6 manat ödənilir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılmasının əsas tərəfdarlarından idi. Ancaq o da etiraf edir ki, vəkillə müqavilə bağlamaq gücündə olmayan vətəndaşların hüquqlarının məhkəmə müstəvisində müdafiəsində problemlər var. Deyir ki, mülki işlərdə də pulsuz vəkillə təmin olunmaq üçün Vəkillər Kollegiyasına üz tutan vətəndaşlar olur. Qanunda bu işlərdə dövlət hesabına vəkillik nəzərdə tutulmadığından həmin vətəndaşların hamısını razı salmaq mümkün olmur: “Vəkillər Kollegiyası olaraq, biz bu işi tamamilə öz üzərimizə götürə bilmərik. Baxmayaraq ki, qanunda nəzərdə tutulmayıb, mülki işlərə görə də bizə müraciət edən vətəndaşlara yardım göstərməyə çalışırıq. Şəxsən özüm vəkillərimizdən xahiş edirəm, lazım olanda hüquqi məsləhətlər verir və s. Təbii ki, bütün hallarda belə vətəndaşlara tam yardım göstərə bilmirik. Çünki vəkillərimiz bunu ictimai maraqlar naminə, könüllü şəkildə edir, buna görə nə vətəndaşdan pul alır, nə də dövlətdən...”

Ancaq A.Bağırov məhz nümayəndəlik institutunun məhdudlaşdırılmasından sonra aztəminatlı vətəndaşların belə çətinliklərlə üzləşməsi fikrini qəbul etmir: “Dəyişiklikdən əvvəl nümayəndə kimi işə çıxan adamlar vətəndaşdan pul almırdılar ki? Onlar da çıxdıqları işə görə pul alırdılar da...”

59 yaşlı Reyhan Balabəyova isə deyir ki, qanuna dəyişikliklərə qədər onun ərizələrini, məhkəmə iddialarını Fərhad Mehdiyev pulsuz hazırlayır, hüquqlarını yetərincə yaxşı müdafiə edirdi. Amma qanuna dəyişiklikdən sonra F.Mehdiyev ona yardım göstərə bilmir. Çünki Vəkillər Kollegiyasının üzvü deyil, ordan bir neçə il öncə uzaqlaşdırılıb.

Gəlini vəfat edən, oğlu da ağır xəstə olan R.Balabəyova nəvələrini himayəsinə götürmək, onların qəyyumluğunu almaqdan ötrü çalışır. İcra hakimiyyətini məhkəməyə vermək istəyən, amma vəkil tutmağa imkanı olmayan qadın pulsuz hüquqi yardım üçün Vəkillər Kollegiyasına müraciət edib. Dediyinə görə, qurumun sədri Anar Bağırov onu qəbul edib, vəkil Şahmar Məmmədova da tapşırıb R.Balabəyovaya yardım eləsin. Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri olan Ş.Məmmədov isə ona müəyyən tövsiyələr versə də, icra hakimiyyətini məhkəməyə vermək məsələsinə gələndə kömək göstərməyib.

Vəkillər Kollegiyasının sədri A.Bağırovun fikrincə yaranmış durumdan çıxış yolu var. O hesab edir ki, Nazirlər Kabineti dövlət hesabına hüquqi yardımla bağlı müvafiq qərarına dəyişiklik etməlidir. Birinci və apellyasiya instansiya məhkəmələrinə müraciət üçün dövlət hesabına hüquqi yardım nəzərdə tutulmalıdır: “Biz bununla bağlı bir sıra dövlət orqanlarına təkliflər göndərmişik. Əslində, başqa ölkələrdə də dövlət hesabına hüquqi yardım əsasən cinayət işləri üçün nəzərdə tutulub. Ancaq hesab edirik ki, dövlət vətəndaşların maraqlarından çıxış edirsə, bunu nəzərə alıb məsələnin həllini tapmalıdır”.

Qazaxıstan modeli

Nümayəndəlik institutunun məhdudlaşdırılması məsələsi parlamentdə müzakirə olunanda buna qarşı çıxanlardan biri deputat Fazil Mustafa idi. Deputat indi də eyni fikirdədir, deyir ki, həm ölkədə vəkillərin sayının azlığını, həm də aztəminatlı vətəndaşları nəzərə alıb, nümayəndəlik institutunu bu şəkildə məhdudlaşdırmaq yanlış addımdır. F.Mustafa hesab edir ki, nümayəndəlik institutunun Qazaxıstan modelinə keçmək daha doğru olardı. Qazaxıstanda hüquqşünaslar Vəkillər Kollegiyasının üzvü olmadan da nümayəndə kimi fəaliyyət göstərə bilirlər: “Biz təklif elədik ki, sırf hüquqşünaslara belə imkan yaradılsın. Məsələn, beş ildən çox iş təcrübəsi olan hüquqşünasa nümayəndəlik etmək səlahiyyəti verilə bilərdi. Bu yanaşma həm təsadüfi adamların məhkəmələrdə nümayəndə kimi işə çıxmasının qarşısını alardı, həm də vətəndaşların hüquqi yardım çətinliklərini aradan qaldırmaqda onlara kömək edərdi. Təəssüf ki, bu fikirlər nəzərə alınmadı, nümayəndəlik institutu demək olar, ləğv edildi. Nəticə də odur ki, yüzlərlə insan, xüsusən yaşlı adamlar məhkəməyə müraciət etmək hüququnu həyata keçirə bilmir”.