Toğrul Maşallı

İqtisadçı

SUYU ƏHALİYƏ “SU QİYMƏTİNƏ” VERMƏK OLAR

25.12.2018 / Tariflərin azaldılması “Azərsu” ASC üçün itki hesab edilə bilməz

Azərbaycanda əhalinin su təminatı ilə yalnız bir qurum - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) məşğul olur. ASC olmasına baxmayaraq, bu şirkət 100% dövlətə məxsusdur və ölkənin su təminatıyla bağlı bütün əsas idarələri “Azərsu”ya tabedir. Daxili strukturu mürəkkəb olsa da, üstəlik tez-tez dəyişdirilsə də, “Azərsu” başqa dövlət şirkətlərindən fərqli olaraq, öz hesabatlarını az qala hər il nəşr edir. Düzdür, bəzən hesabatlar audit yoxlamasından sonra, bəzən isə, ümumiyyətlə, yoxlama aparılmadan dərc edilir. Amma bu hesabatlar sayəsində “Azərsu” ASC barədə müəyyən bilgiləri əldə etmək mümkündür

“Azərsu”ya tabe olan idarələr: Bakı, Sumqayıt, Abşeron Sukanal idarələri, Oğuz-Qəbələ-Bakı, Kür, Ceyranbatan Xaçmaz, Sanqaçal, H.Z.Tağıyev adına su kəmərləri idarələri, Nəqliyyat və Xüsusi Texnika İdarəsi, Mərkəzi Laboratoriya, Sutikinti Müəssisəsi, İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi, Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyəti, Göyçay və Ağdaş Sukanal Törəmə Səhmdar Cəmiyyətləri, Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutu.

Məsələn, 2016-ci il üzrə hesabat maraqlı məqamdan başlayır. Auditorlar qeyd edirlər ki, “şirkət tarixən zərərlə işləyib və əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin mənfi hərəkəti müşahidə olunub.” Ona görə də şirkət mövcud qurğuların təmiri, yeni infrastruktur layihələrin tikintisi üçün “Master-Plan” hazırlayıb. Bəs tikintilərdən ötrü tələb olunan böyük vəsaitlər hardan alınır?

Doğrudur, “Azərsu” özü də müəyyən gəlir əldə edir və bu gəlirin əsas mənbəyi suyun əhaliyə satışıdır. Suya olan tariflər son 10 ildə 3 dəfə dəyişib, suya tarif 2 dəfə, tullantı suların axıdılmasına qoyulan tarif isə 5 dəfə artıb. Adətən, kommunal şirkətlər istehlakçıların vaxtında ödəniş etmədiyindən şikayətlənirlər. Ancaq hazırda “Azərsu” ASC üzrə yığımlar 91% təşkil edir. Bununla belə, şirkət zərərlə işləməkdədir. Hesabatlara görə ASC-nin il üzrə xalis zərəri bəzən 600 milyon manatı keçir.

Gəliri olmayan şirkət necə dayanır?

2016-cı ilin hesabatında deyilir ki, dövlət “Azərsu” ASC-nə hərtərəfli kömək edir, cari investisiya layihələrindən başqa xərclər də ödənilir. Məsələn, 2017-ci ilin oktyabr ayının 26-da prezidentin sərəncamıyla əhali qrupu istehlakçılarını suölçən cihazlarla təmin etməkdən ötrü “Azərsu” ya 15 milyon manat ayrılıb.

Yeni su kəmərlərinin tikintisi, bəzi bölgələrin içməli su ilə təmin edilməsi və digər əməliyyatlar, əlbəttə, baha başa gəlir. Amma bu əməliyyatların heç birini “Azərsu” ASC öz hesabına həyata keçirmir. Bir çox iri layihələr, ümumiyyətlə, “Azərsu” ASC-nin maliyyə hesabatına aid edilməyib. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəməri birbaşa olaraq Dövlət Neft Fondundan maliyyəşdirilib (ümumi dəyəri 779.6 milyon manatdır). İnfrakstruktur layihələrinin hamısını şirkət, ya dövlət vəsaitləri, ya da beynəlxalq maliyyə institutlarından əldə etdiyi pulla reallaşdırır. Dövlət həmçinin səhmdar kimi də şirkətin kapitalına əlavə investisiyalar yatırır. Məsələn, 2017-ci ilin sonuna dövlət investisiyalarının ümumi həcmi 3.9 milyard manat təşkil edib. 2017-ci ilin əvvəli ilə müqayisədə bu əlavə 800 milyon manatın xərclənməsi deməkdir.

Azərbaycanın bir çox bölgələrində içməli su ya daimi gəlmir, ya da ümumiyyətlə yoxdur. Məsələn, Şamaxıya yalnız bu yaxınlarda içməli su çəkilib. Elə paytaxtda--Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün bu yaxınlarda dövlət büdcəsindən 3.54 milyon manat ayrılıb. Ölkənin ikinci böyük şəhəri Gəncənin bəzi qəsəbəlinə su və kanalizasiya xətləri hələ indi çəkilir. İri şəhərlərdən Mingəçevir eyni problemi yaşayır. İri rayonlarda suvarma problemi qalır. Dövlət Hacıqabul, Şamaxı və Zərdab rayonlarında suvarmaya əlavə 8 milyon manat ayırıb.)

Dövlət “Azərsu” ASC-yə həm də öhdəliklər üzrə ödənişlərdə kömək edir. Bundan başqa, şirkətin bir çox kredit razılaşmaları da dövlət vasitəsilə həyata keçirilir və şirkətin balansında göstərilmir.

Dövlət yazır, dövlət pozur...

“Azərsu” ASC-nin 2016-ci il öhdəliklərinin əsas hissəsi Azərbaycan Beynəlxalq Bankı (ABB), Dünya Bankı və Maliyyə Nazirliyi ilə bağlı idi (ABB və Maliyyə Nazirliyi qarşısında öhdəliklər 60% təşkil edirdi). Ancaq 2017-ci ilin nəticələrinə görə vəziyyət tamamilə dəyişib. ABB qarşısında öhdəliklər 0-a enib. Yəni, bu tərəfdən də dövlət onlara kömək edib və bütün öhdəlikləri ya Aqrarkredit QSC-nin “üzərinə atıb”, ya da başqa cür reallaşdırıb. İndi əsas kreditor qismində Maliyyə Nazirliyi (71.5 milyon), Almaniyanın “KfW”bankı (52.6 milyon), Fransanın “Natixis” bankı (46.6 milyon) və Dünya Bankı (36.7 milyon manat) çıxış edir.

Beynəlxalq maliyyə təşkilatlarının şirkətə ayırdığı vəsaitləri isə “dövlət investisiyaları” qrupunda tapa bilirik. Cədvəldə görünür ki, dövlət zəmanəti altında beynəlxalq maliyyə təşkilatları tərəfindən ayrılmış investisiyaların həcmi 2015-ci ildə 459 milyon manat, 2016-ci ildə 789.2 milyon manat təşkil edib. 2017-ci ilin nəticələrinə görə, bu investisiyaların həcmi (başqa sözlə kreditlər və s.) 1 milyard manatı ötüb.

Belə çıxır ki, “Azərsu” ASC ötən bir neçə ildə dövlətdən ortalama 4 milyard manata yaxın vəsait alıb. Bu vəsaitin cüzi hissəsi qeyri-maliyyə aktivləri hesab olunur. Əsas hissəni şirkətə dövlət büdcəsi vasitəsilə verilən sərmayələr təşkil edir.

Onu da qeyd edək ki, Azərsu ASC-də ümumiyyətlə maliyyə hesablatlarında bəzi göstəricilərin hesablanması problemlidir. Belə ki, həm 2016. həm də 2017-ci il üçün hesabatlarda keçən ilin göstəriciləri yenidən hesablanıb. Məsələn, “qeyri-maliyyə aktivləri formasında investisiyalar” 2016-cı il üçün 2017-ci ilin hesabatında 38.2 mln. manat kimi göstərilib.

Beləliklə, bütün aspektlərdən təhlil etdikdə görürük ki, “Azərsu” ASC dövlət hesabına fəaliyyət göstərən, tamamilə dövlətdən asılı olan şirkətdir. Dövlət şirkətə öz hesabına sərmayələr yatırır, həmçinin beynəlxalq maliyyə təşkilatlarının kreditlərini zəmanətçi kimi öz üzərinə götürür. Satışdan əldə olunan gəlirlərin şirkətin fəaliyyətinə təsiri olmadığını, hələ zərərlə işləndiyini də nəzərə alsaq, demək, dövlət suyu əhaliyə çox ucuz qiymətə, hətta pulsuz da verə bilər.

Azərbaycanın içməli su ehtiyatları məhduddur, 27 km3 dir (Gürcüstanda 61.5 km3), quraq illərdə 20-21 km3-ə qədər azalır. Bu azmış kimi, içməyə yararlı sular bərabər paylanmayıb. Ölkədə həmçinin şirin suların çirklənməsi problemi də var. Azərbaycanın əsas su arteriyaları sayılan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif çirklənmələrə məruz qalır. Kanalizasiya suları birbaşa Xəzərə axıdılmaqdadır.

Bütün bunlar bir yana, içməli suyun yarısı istehlakçılara çatmır. “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nə görə, 2015-ci ildə ilk mənbədən götürülən suyun son istehlakçıya çatdırılması zamanı baş vermiş itkilərin səviyyəsi 52% olub. Ev təsərrüfatlarına suyun paylanması zamanı yaranmış itkilər təxminən 30-32% (Türkiyədə 12%, Almaniyada 4%) hesablanıb. Borular köhnəldiyindən Bakıda yeraltı su gölləri əmələ gəlir.