Açıq Azərbaycan

Onlayn jurnal

ZAMİRA HACIYEVANIN ZİYNƏT ƏŞYALARI MÜSADİRƏ OLUNUB

05.11.2018 / Polis Leyla Mahmudovanın hərracda satmaq istədiyi 400 min funtluq qiymətli əşyalara əl qoyub


Foto bbc.com saytından götürülüb

Böyük Britaniyanın ilk “McMafia-sayağı” çirkli pul istintaqının gedişində Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevaya məxsus 400 min funt sterlinq dəyərində ziynət əşyaları müsadirə edilib. Bu barədə Böyük Britaniya mətbuatı yazır.

Məhkəmə Milli Kriminal Agentliyinə (National Crime Agency – NCA) icazə verib ki, 49 adda müxtəlif ziynət əşyalarına əl qoysun. Hazırda Zamira Hacıyeva İngiltərədə 22 milyon funt sterlinq dəyərində olan iki mülkünü itirmək riski altındadır və bununla bağlı istintaq gedir.

Beləliklə də, NCA Zamira Hacıyevanın qızı Leyla Mahmudovanın “Kristi Auksion Evi”nə satmaq üçün gətirdiyi ziynət əşyalarına əl qoyub. Qeyd olunur ki, ziynət əşyalarının əldə edilməsi mənbəyi ilə bağlı əlavə izahat tələb olunur və araşdırma üçün 6 ay vaxt müəyyən edilib. Məlum olduğu kimi, Zamira Hacıyevanın qızı Leyla keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə evlidir.

Müsadirə olunan əşyalarına arasında həmçinin bunlar var:

- Boucheron sapfir və yaqutdan boyunbağı və kolye - 120 min funt sterlinq;

- Magic Alhambra qolbağı – 20 min funt sterlinq;

- Van Cleef & Arpels inci böyunbağı – 20 min funt sterlinq;

- Cartier brilyant boyunbağı – 9 min funt sterlinq;

- Brilyant boyunbağı dəsti – 6 min funt sterliq.

Maraqlıdır ki, müsadirə edilən əşyalardan biri – 20 min funt sterlinq dəyərində olan inci böyunbağı 2008-ci ildə Cahangir Hacıyevin İsveçrənin xizək kurortu olan San Moritz şəhərində aldığı ziyət əşyalarından biridir. O zaman Beynəlxalq Bankın sədri ümumilikdə daş-qaşlara 320 min avro pul xərcləyib.

Keçən ay NCA Zamira Hacıyevanın Londonun bahalı ticarət mərkəzlərindən biri olan Harrodsda on il ərzində 16.3 milyon funt sterlnq xərclədiyini müəyyən etmişdi. Bankirin xanımı yalnız bir dəfəyə Boucheron lüks zərgərlik məhsullarına isə 150 min funt sterlinq xərcləyib. O alış-verişlərdə Beynəlxalq Banka məxsus 35 müxtəlif kredit kartlarından istifadə edib.

Bundan başqa Zəmirə Hacıyeva 42 milyon dollarlıq Gulfstream G550 təyyarəsinə, 10.5 milyon funt sterlinqlik 7 ha ərazisi olan qolf klubuna və Londonun mərkəzində 7.5 milyon funt sterlinq qiyməti olan evə sahib olub.

Həbsdə olan bankirin xanımı Böyük Britaniyanın yeni anti-korrupsiya qanunvericiliyi olan – İzahedilməmiş Sərvət Sərəncamının (Unexplained Wealth Order) ilk hədəfi olub. NCA Hacıyevadan aldığı mülkləyin qanuni mənbəyini açmağı tələb edib. O bununla bağlı məhkəməyə müraciət etsə də uduzub. İndi Hacıyeva mülkləri aldığı pulların mənbəyini açıqlamasa onlar müsadirə olunacaq.

Maraqlıdır ki, Azərbaycan hakimiyyəti, eləcə də hüquq-mühafizə orqanları Böyük Britaniyada gedən bu istintaqla bağlı münasibət açıqlamayıb. Halbuki başqa ölkələrin təcrübəsində vətəndaşların xaricdə əldə etdiyi qanunsuz sərvətin ölkəyə gətirilməsi təcrübəsi var. Məsələn, hazırda Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın xaricdəki sərvətinin ölkəyə qaytarılması üçün hüquqi proses gedir.