Açıq Azərbaycan

Onlayn jurnal

SEÇKİLƏR MƏHDUD HÜQUQ VƏ AZADLIQLAR ŞƏRAİTİNDƏ KEÇİRİLİB

13.04.2018 / Azərbaycan hakimiyyəti beynəlxalq seçki monitorinqi missiyasının ilkin rəyindən qəzəblənib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları 11 apreldə Azərbaycanda keçirilmiş president seçkisi barədə ilkin rəylərini açıqlayıblar. Mətbuat konfransında ATƏT müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar Nilza de Sena mətbuat konfransında bildirib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib.

Xanım de Sena qeyd edib bu, 2016-cı ildə Azərbaycan Konstitusiyasına düzəlişlərdən sonra keçirilən ilk seçkilər olub: "Mərkəzi Seçki Komissiyası əlavə qaydalar hazırlayıb, lakin bütün prosedural aspektlər təmin edilməyib. Biz gözləyirik ki, bizim və Venesiya Komissiyasının prioritet tövsiyələri nəzərə alınsın".

AŞPA müşahidə missiyasının rəhbəri rumıniyalı parlamentar Viore Badea hökuməti insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa çağırıb.

DTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar Koryen Yonker isə bildirib ki, YAP seçki kampaniyalarında dominantlıq edib, bəzi müxalif partiyalar isə seçkiləri boykot edərək, iki dəfə aksiya keçirib.

DTİHB Müşahidə Missiyasının ilkin rəyində deyilir ki, 11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilər üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran çərçivədə baş vermişdir. Bu kontekstdə və plüralizmin, o cümlədən mediada azadlığın olmadığı şəraitdə, bu seçkilərdə həqiqi rəqabət olmamışdır. Digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkiniblər. Vəzifədə olan prezidentin kampaniyası ilə onun rəsmi fəaliyyətləri arasında heç bir fərq qoyulmayıb.

Qutulara topa büllenetlər atılıb

Seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmaması, şəffaflığın olmaması və seçki qutularına topa halda bülletenlərin atılması kimi çox sayda ciddi pozuntu faktları haqqında məlumat vermişlər. Bəzi müxalifət partiyaları seçkini boykot edərək onun rəqabətsiz mühitdə keçirildiyini iddia etdikləri halda, digər partiyalar seçkilərdə ümumiyyətlə iştirak etməmiş və bildirmişlər ki, növbədənkənar seçki tarixinə qədər olan qısa müddət onların bu seçkilərdə mənalı şəkildə iştirak etmələri üçün kifayət etmir.

MSK iclaslarında alternativ fikirlər səsləndirilməyib

Seçki komissiyalarını təyin etmək üçün mövcud olan formula seçki administrasiyasının qərəzsizliyini AİHM-nin presedent hüququ ilə müəyyən olunan qaydada təmin etmir, çünki komissiya üzvlərini təyin edən parlamentdəki üç qrup arasında heç bir siyasi fərq yoxdur. MSK mütəmadi ictimai iclaslar keçirmişdir ki, bu iclasların da heç birində müxalif və ya mübahisəli fikirlər səsləndirilməmişdir və üzvlərin əksəriyyəti müzakirələrdə iştirak etməmişdir. MSK və Dairə Seçki Komissiyaları tərəfindən qərar qəbul etmə prosesi şəffaf olmayıb, onların iclaslarının protokolları ictimaiyyətə açıqlanmayıb.

MSK həmçinin namizədliyi irəli sürülmüş iki nəfəri qeydiyyata almayıb və buna əsas kimi təkrarlanan və ya etibarsız imzalar təqdim dildiyini əsas gətirib. Ekspertiza MSK işçi qrupu tərəfindən keçirilmişdir. Bununla belə İşçi qrup ekspertizanın texniki cəhətdən adekvat və səmərəli olduğunu aydın şəkildə göstərə bilməyib.

Həqiqi rəqabət olmayıb

Prezident özü təşviqat kampaniyası aparmamağı qərara alıb, lakin öz vəzifəsində ölkə üzrə səfərlər etmiş və çoxlu yüksək səviyyəli xarici nümayəndələri qəbul edib. Digər yeddi namizədin kampaniyası məhdud olub, regional strukturların və resursların olmaması onların kampaniyasına əngəl törədib. Eyni zamanda bu namizədlərdən heç biri məhdud siyasi mühit və şəraitində vəzifədə olan prezidentə qarşı açıq müxalif mövqe sərgiləməyib, onu tənqid etməyiblər və bununla da bu seçkidə həqiqi rəqabət olmayıb.

Eləcə də DTİHB-in seçki müşahidə missiyasına dövlət sektorunda çalışan işçilərin və universitet tələbələrinin YAP-ın təşviqat tədbirlərində iştirak etməyə məcbur edildiyi hallar və bundan imtina edənlərin qarşısının alındığı barədə məlumat verilib.

Siyasi verilişlər prezidentə həsr olunub

Ölkədə hökumətin siyasətlərini tənqidi təhlil edən yayım şirkəti və ya çap mediası olmadığı üçün səlahiyyətli orqanların fəaliyyəti ilə bağlı xəbərlərdə müxalif fikirlər olmayıb. Siyasi verilişlərin əksəriyyəti hazırkı prezidentə həsr edildiyi halda, bütün digər namizədlərə vaxtın çox az bir qismi ayrılıb.

Müşahidəçilərin işinə əngəl

Müşahidə aparılmış seçki məntəqələrinin 12 faizində səsvermə pis qiymətləndirilmişdir ki, bu da çox yüksək rəqəm hesab olunur. Beynəlxalq müşahidəçiləri bildiriblər Məntəqə Seçki Komissiyaları çox vaxt əsas prosedurlara əməl etməyib, şəffaflığı təmin etməyib və müşahidəçilərin işinə əngəl törədiblər. Müşahidəçilər çox vaxt seçki qutusuna topa bülleten atılması, seçici siyahılarında olan bir sıra zahirən oxşar imzaların olması və qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə faktlarının olduğunu bildiriblər. Çox müşahidəçilərə seçici siyahılarına baxmağa icazə verilməyib.

Həmçinin müşahidəçiləri səs sayılması proseslərinin yarıdan çoxunu əsasən müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması, rəqəmləri lazımi qaydada uzlaşdırmasına imkan verməyən məqsədyönlü saxtalaşdırmalara (17 əsaslanaraq pis qiymətləndiriblər. ​​​​

İqtidaryönlü jurnalistlərin etirazı

Mətbuat konfransda iştirak edən hakimiyyət yönümlü qəzetlərin redaktorları missiyanın rəyinə etiraz ediblər.

“İki Sahil” qəzetinin baş redaktoru və YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib ki, rəy tam subyektivdir. “Siz Azərbaycan əleyhinə olan qüvvələrin fikirlərini çatdırmaq üçün gəlmisiniz. Tam şəffaf, hətta Avropanın bir çox ölkələri üçün nümunə olacaq seçki keçirilib. Deyirsiz, rəqabət mühiti olmayıb. Ancaq seçkidə Sərdar Cəlaloğlu iştirak edib.” – deyə o bildirib.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevsə missiya üzvlərini özləriylə hazır hesabat gətirməkdə, antiazərbaycan qüvvələrin fikirlərini səsləndirməkdə suçlayıb: “Sizin dediyiniz ölkə sivilizasiyadan uzaq ölkədir. Azərbaycan isə hüquqi dövlətdir. Mətbuata heç bir maneə olmayıb. Beynəlxalq təşkilatlar özləri etiraf edir bunu. Biz tam sərbəst şəkildə seçkini izləmişik. Azərbaycan xalqının hissiyyatı ilə, əsəbləri ilə oynamayın”.

Dünən həmçinin hər üçü missiyanın rəhbərliyi Xarici İşlər Nazirliyinə dəvət olunub və ilkin rəyə etiraz təqdim olunub.

Qeyd edək ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.