Açıq Azərbaycan

Onlayn jurnal

SƏMƏD SEYİDOV SANKSİYA SİYAHISINDA

16.05.2018 / Azərbaycan hökumətindən pul və hədiyyələr alan Avropalı deputatlar da cəzalandılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur Qaydalar Komitəsi korrupsiya hesabatında adları çəkilən dörd üzvünə sanksiyaların tətbiqinə qərar verib. Bu barədə AŞPA-nın saytında rəsmi məlumat dərc edilib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bu siyahıdadır. Məlumatda bildirilir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd nəfər Davranış Kodeksini ciddi şəkildə pozublar.

Sanksiyaya məruz qalan o biri deputatlar ispaniyalı Pedro Agramunt və Jordi Xuclà, rumıniyalı Cezar Florin Predadır.

Sanksiyalar İspaniyadan deputat Pedro Agramunta 10 il müddətinə, Rumıniyadan Cezar Florin Preda, İspaniyadan Jordi Xuclàya və Azərbaycandan Səməd Seydidova iki il müddətinə tətbiq edilir.

Komitə özünün ikinci dinləməsində Pedro Arqamunt, Sezar Florin Preda və Jordi Xucla dindirililib. Səməd Seyidov birinci dinləmədə dindililib.

Arqamuntun məsələsi

Komitə Pedro Arqamuntu Davranış Kodeksinin bir neçə bəndi üzrə Parlament Assembleyasının etik kodunu ciddi şəkildə pozmaqda təqsirli bilib və ona qarşı 10 il müddətinə sanksiya tətbiq ediləcək.

Beləliklə də Pedro Agramunt 10 il müddətinə Nazirlər Komitəsinə sual ünvanlamaq, məruzəçi təyin olunmaq, seçki komisiyası üzvü olmaq, AŞPA-nın prezidenti, hansı komitə və ya alt komitəsinin sədri və sədr müavini seçilmək hüquqlarından məhru edilib.

Komitə Sezar Florin Predanı da Davranış Kodeksinin 25 bəndinə uyğun olaraq Asembleyanın etik qaydalarını Assambleya kodeksinin 5.1 və 5.7 bəndlərinə əməl etməməklə ciddi şəkildə pozduğunu vurğulayıb.

Səməd Seyidov və onun dostları

Arqamunta qarşı olan maddələr Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, rumıniyalı deputat Cezar Florin Preda və ispaniyalı deputat Jordi Xuclàya qarşı da tətbiq edilib. Sadəcə bu üç deputat qarşı sanksiyalar iki il müddətinə qüvvədə olacaq.

Deputatlar AŞPA-da çıxış etmək hüququnu saxlayır, ancaq sanksiya seçki müşahidəçisi, yaxud məruzəçi, eləcə də komitə və ya alt komitənin sədri, yaxud sədr müavini, həmçinin AŞPA-nın prezidenti seçilə bilməzlər. Bundan başqa onlar AŞPA-nı və AŞPA komitələrini üçüncü tərəfin tədbirində təmsil etmək hüququndan da məhrum ediliblər.

Kürü diplomatiyasının sonu?

Məlum olduğu kimi 15 aprel 2015-ci il tarixdə AŞPA öz üzvlərinin Azərbaycanla bağlı korrupsiya əməllərində iştirak etdiyini, etik qaydaları pozduqlarını ifadə edən istintaq hesabatını dərc edib.

Sözügedən istintaqda AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt da daxil olmaqla bir sıra deputatlar Azərbaycan hökumətindən pul və qiymətli hədiyyələr aldıqları, fahişələr və bahalı hotellərdə yaşamağı qəbul etdikləri vurğulanır.

Bundan sonra isə mayın 5-də Danimarkanın xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Anders Samuelsen assambleyanın prezidenti Michele Nicolettiyə məktub ünvanlayaraq korrupsiya qalmaqalını ciddi narahatçılıq doğurduğunu ifadə etmişdi və AŞPA-dan bununla bağlı dərhal və effektiv tədbir görməsini tələb etmişdi.

Səməd Seyidov dünən məsələ ilə bağlı mətbuat konfransı keçirib və sanksiyaları erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətinin nəticəsi olduğunu bildirib. O sanksiyanın Azərbaycanın nümayəndə heyətinin fəaliyyətinə heç bir təsir göstərməyəcəyini qeyd edib. S.Seyidov baş verənlərə baxmayaraq Azərbaycanın AŞPA-nın tərk etməyəcəyini vurğulayıb, amma özünün nümayəndə heyətinin rəhbəri vəzifəsindən gedə biləcəyinə eyham vurub.