Açıq Azərbaycan

Analitik Portal

DAHA DÖRD XƏBƏR SAYTI BLOKLANIB

09.08.2018 / Rabitə nazirliyi onlardan bir sıra yazıları 8 saat ərzində silməyi tələb edib, ardınca isə məhkəmə qərarı çıxartdırıb

Avqustun 8-də Azərbaycanda fəaliyyət göstərən daha üç saytın ölkə ərazisində yayımına blok qoyulub.

Səbail Rayon Məhkəməsin xural.com, arqument.az və monitortv.info saytlarının bloklanması haqqında qərar qəbul edib ki, bu da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında verilib.

Nazir xural.com-un həmin portalda yayımlanmış dörd yazıya görə bloklanmasını tələb edib. Söhbət “Elmar Vəliyevin yıxılması”, “İndi bildiniz Sabunçu xəstəxanasına niyə ölüxana deyilir?”, “Əvəz Zeynallı baş nazirin müavininin nəvəsindən yazdı: O, zatən cəza çəkmirdi ki” və “Naxçıvan hökumətində daha bir şok - Baş nazirin müavini arvadbazlığa görə həbs olundu!” başlıqlı məqalələrdən gedir.

Saytın rəhbəri Əvəz Zeynallı məhkəmədə bildirib ki, baş nazirin müavininin nəvəsi haqda yazı istisna olmaqla, digər üç materiallar başqa saytlarda getmiş, təkzib olunmamış yazılardır və xural.com onları istinadla verilib.

Arqument.az-ın bloklanması saytda yer almış iki materiala görə istənilib. Saytın rəhbəri Şəmşad Ağayevin sözlərinə görə, yazılardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, “Azərsu” SC-nin mətbuat xidməti də öz rəyini bildirib. “Görünür, yuxarıdan göstəriş gəlib ki, bu sayt da bloklansın, gözlərinə görünən yazı bu olub, oxumadan onun adını iddiaya yazıblar. Orada böhtan varsa, orada adları çəkilən tərəflər məhkəməyə müraciət etməliydi. Biz susuz qalan insanların səsini çatdırmışıq. Bu, artıq vicdan, mənəviyyat məsələsidir”, - deyə saytın rəhbəri bildirib.

Ş.Ağayev rəhbərlik etdiyi saytın bağlanması məsələsinin siyasi sifariş olduğunu söyləyib.

Məhkəmədə vəkil ekspertiza təyin olunması, nazirliyin tabeliyindəki Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşlarının dindirilməsi barədə vəsatətlər qaldırsa da, heç biri təmin olunmayıb.

Avqustun 7-də isə Səbail Rayon Məhkəməsi az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.

Saytın rəhbəri Vüqar Qurdqanlı bildirib ki, bundan öncə Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazı 8 saat ərzində silinməlidir.

Baş redactor bu tələbi qanunsuz sayaraq yazıların silinməsindən imtina edib.

Xatırladaq ki, bundan əvvəl, 2017-ci il may ayının 12-də Səbail Rayon Məhkəməsi Azadlıq.org, Azadlıq.info, Meydan.tv, Turan.tv və Azerbaycansaati.org saytlarının bloklanması haqqında qərar çıxarmışdı.

İnternet resurslarının dövlət qurumları tərəfindən rəsmi formada bloklanmasına 2017-ci il mart ayının 10-da Milli Məclisin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara etdiyi dəyişiklik əsas yaradıb.