Açıq Azərbaycan

Onlayn jurnal

AZƏRBAYCANLI DEPUTATLARA QARŞI SANKSİYA TƏLƏB EDİLİR

07.05.2018 / Avropa Şurası Nazirlər Komitəsi rüşvətlə əlaqəli olan AŞPA üzvlərinə qarşı tədbirlər üçün çağırış edib

İstintaq Avropa Şurası Parlament üzvlərinin Azərbaycandakı insan haqqları pozuntularının müzakirəsini dayandırmaq üçün rüşvət aldığını əsaslı şəkildə sübut etdikdən iki həftə sonra Avropa hökumətləri həmin parlamentarilərə qarşı sanksiya tələb edirlər. Bununla bağlı ABŞ-ın nüfuzlu New York Times qəzeti məqalə dərc edib.

Danimarkanın xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Anders Samuelsen assambleyanın prezidenti Michele Nicolettiyə məktubunda korrupsiya qalmaqalını ciddi narahatçılıq doğurduğunu ifadə edib və assambleyadan bununla bağlı dərhal və effektiv tədbir görməsini tələb edib.

Samuelsen məktubunda Parlament Assambleyasının hesabatda adı keçən parlamentariləri cəzalandırmaqdan yayındığını ehtimal edir.

“Əgər müəyyən parlamentarilər hesabatın davamı olaraq tələb olunan məsələlərdən diqqəti yayındırmağa çalışırlarsa, narahatçılıq üçün səbəb var”, - deyə Nazirlər Komitəsinin sədri qeyd edib. O xəbərdarlıq edib ki, əgər assambleya lazımı tədbirləri görməsə, Avropalı nazirlər lazımı addımları özləri ata bilərlər.

Korrupsiya qalmaqalı Avropa İqurumlarının etibarlılığını təhdid edən ən ciddi testə çevrilib. Azərbaycanın üzvlüyünü necə istifadə etdiyi bu illər ərzində qeyri müəyyən qalmışdı.

2012-ci ildə Berlində yerləşən Avropa Sabitlik Təşəbbüsü Azərbaycana bağlı rəsmilər və lobbiçilərin assambleyanın qərarlarına qeyri-qanuni təsiri haqqında “Kürü diplomatiyası, Azərbaycan Avropa Şurasını necə susdurdu” adlı hesabatı dərc etmişdi.

Keçən il parlamentarilərin ölkənin insan haqqları və qanunun aliliyi mövzularında tənqidini susdurması barədə şikayətlərdən sonra assambleya öz üzvlərinin Azərbaycanla bağlı fəaliyyətinin araşdırılmasına qərar verdi.

3 Avropalı keçmiş hakimin 10 ay sürən və keçən həftə dərc olunan istintaq hesabatı maraqlar toqquşması, keçmiş və indiki parlamantarilərin cəlb olunduğu korrupsiya hallarını aşkarladı. Araşdırma o qənata gəlib ki, parlamentarilər assambleyanın hesabatları və bir sıra səsvermələrdə Azərbaycanın tənqiddən yayınmasına kömək etdikləri üçün faydalanıblar.

Samuelsen əsas diqqətini AŞPA-nın keçmiş prezidenti, ispaniyalı parlamentar Pedro Arqamuntun üzərinə çəkib. Arqamunt radio müsahibəsində deyib ki, o ukranyalı deputat tərəfindən şantaj olunub. Ukranyalı parlamentar deyib ki, onda Arqamuntun qadınlarla birgə olan şəkli var.

Hesabatda adı keçən digər parlamentarilər kimi Arqamunt da ittihamları rədd edir. O deyib ki, keçmiş hakimlərin hesabatı heç bir sübut və fakt olmadan anonim ittihamlar, şərhlər və qeybətlə doludur.

Arqamunt daha sonra deyib ki, o Corc Sorosun Açıq Cəmiyyət Fondu tərəfindən dəstəklənən, Ermənistan və Ukranya kimi Avropanın Rusiya ilə yaxınlaşmasına qarşı olan ölkələr tərəfindən idarə olunan siyasi kampaniyanın qrubanıdır.

O keçən il rusiyalı deputatlarla isə Suriyaya səfər etdiyi üçün istefaya məcbur edilmişdi.

Korrupsiyada ittiham olunan digər millət vəkilləri Avstriya, Belçika, İngiltərə, Polşa, Ruminiya və Azərbaycandandı. Azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovun adları AŞPA-nın iqtintaq hesabatında xüsusilə qeyd edilir.

Bu yaxınlarda isə Azərbaycanın assambleyadakı nümayəndə heyətindən iki milyon avrodan çox pul almış Luca Volonteyə qarşı İtaliyada cinayət işi açılıb.