Açıq Azərbaycan

Onlayn jurnal

AŞPA 13 KEÇMİŞ ÜZVÜNƏ AZƏRBAYCANLA BAĞLI SANKSİYA QOYUB

22.08.2018 / Siyahıda indiki deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Milli Şura üzvü Gültəkin Hacıbəyli də var

İyunun 27-də Avropa Şurası Parlament Asambleyası (AŞPA) Prosedur Qaydaları Komitəsi AŞPA-da korrupsiya ittihamları ilə bağlı Müstəqil İstintaq Qurumunun (IBAC) hesabatında adı keçən parlamentarillərin davanışlarına qiymət verən hesabatını dərc edib.

Hesabat AŞPA-nın 14 keçmiş üzvünün davranışlarına qiymət verib və onlardan 13 nəfərə qarşı cəza müəyyən edib.

Qurumun Davranış Kodeksini pozduğuna, lobbiçilik və korrupsiya fəaliyyətlərinə yol verdiklərinə və IBAC-a ifadə verməkdən imtina etdiklərinə görə AŞPA-nın keçmiş üzvləri ispaniyalı Agustin Conde, belçikalı Alain Destexhe və Stef Goris, polşalı Tadeusz Iwinski, sloveniyalı Jelincic Plemeniti, finlandiyalı Jaakko Laakso, isveçli Göran Lindblad, almaniyalı Eduard Lintner və Karin Strenz, italiyalı Luca Volonte, norveçli Karin Woldseth Avropa Şurası və AŞPA-nın binalarına girmələrinə ömürlük qadağa ilə cəzalandırıblar.

Bundan əlavə isveçrəli parlamentar, uzun müddət AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olmuş Andreas Grossun İstintaq Qurumu ilə əməkdaşlıq etməməklə Davranış Kodeksini pozduğu müəyyən edilib.

Eyni qadağalar Azərbaycan nümayəndə heyətinin üç nəfər keçmiş üzvünə qarşı da tətbiq edilib.

Hesabat göstərir ki, azərbaycanlı deputatlar, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılmış Elxan Süleymanov və Müslüm Məmmədovun fəaliyyətində korrupsiyaya faktları aşkarlayıb. Ümumiyyətlə bu iki şəxsin adı istintaq hesabatında geniş hallanır. Buna baxmayaraq onlar IBAC-a onun şifahi ifadə vermək çağırışına cavab verməyiblər və istintaqla əməkdaşlıqdan etməkdən imtina ediblər.

Maraqlıdır ki, komitə eyni qadağanı keçmiş vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunmuş deputat, hazırda müxalif Milli Şuranın kordinasiya şurasının üzvü olan Gültəkin Hacıbəyli haqqında da qəbul edib. Hesabatda iddia olunur ki, G.Hacıbəyli də IBAC-ın yazılı ifadə vermək çağırışına və komitə sədrinin məktubuna cavab verməyib və bu barədə heç bir açıqlama etməyib.

G.Hacıbəyli məsələ ilə bağlı Facebook səhifəsində bildirib ki, o hər hansı müracət və məktub almayıb. Keçmiş deputat daha sonra aydınlaşdırıb ki, ona ünvanlanmış müracətlər Azərbaycan nümayəndə heyətinin katibliyinə təqdim olunub, katiblik isə məktubları son ünvanına çatdırmayıb.