Murad Nasibbeyli

Policy Analyst

GÜRCÜSTAN VƏ ERMƏNISTANDAKI HADISƏLƏR AZƏRBAYCANA HANSI MESAJLARI VERDI?

18.01.2019 / 2018: Cənubi Qafqazda kim necə qiymət aldı?

2018-ci il hər üç Cənubi Qafqaz ölkəsində seçkilər və önəmli siyasi hadisələrlə yadda qaldı. Azərbaycan oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərini ciddi bir əsas göstərmədən aprel ayında keçirdi. Seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin, ATƏT Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının ortaq müşahidə missiyası seçkilərdə “gerçək rəqabətin çatışmadığı” və səsvermənin “məhdud siyasi mühit”də keçirildiyi qənaətinə gəldi.

Ermənistan isə dekabrın 9-da erkən parlament seçkilərinə getdi və Nikol Paşinyanın rəhbərlik etdiyi “Kayl ara” ittifaqı 70%-lə parlamentdə yerlərin əksəriyyətini qazandı. Beynəlxalq müşahidə missiyası seçkilərin “təməl azadlıqlara hörmət” edilməsi və “geniş ictimai etimad” şəraitində keçirildiyini qeyd etdi və nəticələr seçkilərə qatılan bütün partiyalar tərəfindən qəbul edildi. Bununla da aprel-may aylarında başlamış “məxməri” inqilab başa çatmış oldu.

Gürcüstanda isə 28 oktyabr və 28 noyabr tarixlərində iki turda keçirilən prezident seçkiləri beynəlxalq müşahidə missiyası tərəfindən “rəqabətli” və “namizədlərin azad şəkildə kampaniya apardıqları” bir seçki kimi qiymətləndirilsə də, tərəflər arasında qeyri-bərabər rəqabətin olduğu, inzibati resursların yanlış istifadə edildiyi, dövlət və partiya arasındakı xəttin daha da “bulanıqlaşdığı” da qeyd olundu. İkinci tura qalan seçkilərdə Mixael Saakaşvili hökumətində xarici işlər naziri olmuş, indi isə Bicina İvanişvili tərəfindən dəstəklənən Salome Zurabişvili seçildi.

Üç seçki - üç rejim

Hər üç seçkinin mövcud rejimin keyfiyyətində dəyişiklik baxımından xüsusi siyasi əhəmiyyəti var. 2016-cı ildə Azərbaycanda konstitusiyaya edilən dəyişikliklərin öz legitim qüvvəsini qazana bilməsi üçün həm prezident, həm də parlamentin yenilənməsi lazım idi. Bunun sadə prinsipial izahı belədir; bu seçkili institutlar konstitusiyaya edilmiş dəyişiklikdən əvvəlki şərtlər daxilində seçilmişdilər və konstitusiyaya edilən dəyişikliklərin qüvvəyə minməsi yalnız həmin institutlar tam yeniləndikdən sonra legitimləşə bilərdi. Bir seçkili institutun müəyyən şərtlərdə seçilib, sonra yeni şərtlərlə yüklənməsi legitimlik baxımından problemli olardı. Odur ki, 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklərin qüvvəyə minməsini legitimləşdirməkdən ötrü prezident seçkilərinin keçirilməsi önəmli idi. Səsvermənin ardından cəmiyyətdə parlament seçkilərinin keçirilməsi barəsində müzakirələr dolaşsa da, bu barədə, hələlik, heç bir rəsmi məlumat yoxdur.

Azərbaycanda son prezident seçkiləri həm də müxalifətin iştirak etməməsi və nəticədə seçici iştirakının aşağı səviyyədə olması ilə yadda qaldı. Ümumiyyətlə, 2013-cü il seçkilərindən bəri beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan insan hüquq və azadlıqlarına hörmətin azaldığı, demokratik durumun pisləşdiyi və vətəndaş cəmiyyətinə təyziqlərin artması ilə səciyyələndirilmişdir.

Ermənistandakı seçkilərin önəmi isə məxməri inqilabi dəyişikliyin tamamlanması ilə bağlıdır. Aprel-may ayında “Kayl ara” küçə nümayişlərinə başladı. Serj Sarkisyanın istefası və kütlənin təyziqi N. Paşinyanın ikinci cəhddə baş nazir postuna seçilməsi ilə (8 may) nəticələndi. N. Paşinyan vəzifə başına keçən kimi xalqa iki vəd verdi: seçki məcəlləsinə dəyişiklik etmək və erkən seçkilərə getmək. Seçki məcəlləsinə təklif edilən dəyişikliklər--tam partiya siyahısına keçilməsi, seçki barajının azaldılması, gender kvotasının artırılması və s. idi. Amma N. Paşinyan xalqın təyziqiylə nazir olmuşdu, parlamentdə onun təmsil etdiyi blokun sadəcə 9 yeri var idi, yerlərin əksəriyyətinə öz koalisiya ortağı “Erməni İnqilabi Federasiyası”--“Daşnaksütyun” ilə birlikdə “Ermənistan Respublika Partiyası” nəzarət edirdi. N.Paşinyan hökumətinin belə parlamentlə hər hansı islahat keçirməsi və ümumiyyətlə, ölkəni idarə etməsi, çətin ki, mümkün olardı.

Erkən seçkilər 2019-cu ilin mart ayına düşünülsə də, “Ermənistan Respublika Partiyası” və “Daşnaksütyun” birlikdə N.Paşinyanın erkən seçkilərə getmək cəhdini çətinləşdirəcək prosedural dəyişikliklərə əl atmağa çalışdılar. Və erkən parlament seçkiləri dekabr ayının 9-da keçirildi.

Müvəqqəti N.Paşinyan hökumətinin hələ seçkidən əvvəlki ölkədaxili fəaliyyətini aşağıdakı istiqamətlərə ayırmaq olar: i) anti-korrupsiya əməliyyatları və büdcəyə vurulan ziyanın geri qazandırılması, ii) köhnə rejimdən qalan kadrların saf-çürük edilməsi və komandanın formalaşdırılması, iii) iqtisadiyyatın canlandırılması və yeni iqtisadi yatırımların cəlb edilməsi (misal üçün, İran sərmayəsi).

Ancaq bu parlaq demokratik mənzərə Ermənistan cəmiyyətində yeni suallar yaradıb. İnqilabın və parlamentdəki çoxluğun verdiyi gücdən ilhamlanan N.Paşinyanın korrupsiyayla mübarizəsini siyasi rəqiblərinə qarşı mübarizəyə çevirməsi, nəticədə iqtidarı tarazlayacaq güclü və sağlam müxalifətin olmaması ehtimalı çoxlarını narahat edir. Parlamentdəki ana müxalifət--oliqarx Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasına keçmiş, korrupsiyalaşmış rejimin qalığı kimi baxan və onun sağlam müxalifət ola bilməyəcəyini düşünənlər az deyil. Parlamentdəki digər partiya--“Parlaq Ermənistan” partiyası isə sentyabr ayına qədər N.Paşinyanın “Sivil Kontratk”ı ilə birlikdə “YELK” ittifaqında olub və onun siyasi görüşləri və mövqeyi baxımından iqtidardan nə dərəcədə fərqləndiyi məlum deyil. Dekabrda parlament seçkisi kampaniyasında bu partiyadan N.Paşinyana sərt tənqidlərin eşidilməməsi də diqqət çəkir. Ümumiyyətlə, Ermənistan siyasətindəki fiqurların çox azı--cəmi üçü parlamentdə özünə yer tapa bilib. Dekabrda seçkilərə 11 siyasi partiya və ya ittifaq qatılmışdı, seçkiləri blok edən, ya da seçkiyə qatılmayan 10-dan çox partiya da var. Keçmiş iqtidar “Ermənistan Respublika Partiyası” və onun koalisiya ortağı “Daşnaksütyun” da parlamentdən kənarda qalıb. Buna səbəb siyasi partiyalara və ittifaqlara qoyulan 5% və 7%-lik seçki barajıdır. Seçkidən öncə N.Paşinyan barajın endirilməsiylə bağlı dəyişiklik təklifi ilə çıxış etsə də, “Ermənistan Respublika Pariyası” və “Daşnaksütyun”un dayağı olmadığından yetərsay olmamışdı.

Gürcüstanda bu ilki prezident seçkilərinin önəmini isə bir neçə faktor müəyyənləşdirir. Birincisi, bu, birbaşa xalqın seçdiyi prezident seçkiləri idi. (M.Saakaşvilinin zamanında konstitusiyaya dəyişiklik edilmişdi və xalqın deyil, parlamentin seçdiyi, səlahiyyətləri məhdud, simvolik rola sahib prezident idarə üsuluna keçid edilmişdi.) İkincisi, bundan öncəki prezident Georgi Marqvelaşvili “Gürcüstan Arzusu” və ya daha dəqiq desək, B.İvanişvili tərəfindən dəstəklənsə də, vəzifədə olduğu müddətdə o, özünü B.İvanişvili ətrafında formalaşan qərarvermə çevrəsindən uzaq tuta və tərəfsiz prezident kimi fəaliyyət göstərə bilmişdi. Ancaq S.Zurabişvili G.Marqvelaşvili qədər tərəfsiz prezident imkanlarına sahib olmayacaq. Bunun bir səbəbi odur ki, Gürcüstan getdikcə daha çox bir siyasi partiyanın dominantlığının artdığı ölkəyə çevrilir. Parlament və prezident institutları arasında balansı qorumaq və ya məsafə saxlamaq getdikcə çətinləşir. Şərhçilər deyirlər ki, əslində S.Zurabişvilinin tərəfsizliyini qorumasının önəmini Gürcüstan iqtidarı da anlayır. Ancaq xanım S.Zurabişvili üçün bu, asan olmayacaq. Onun müxalifət çevrəsində çox sevilmədiyini də nəzərə almaq lazımdır. (M.Saakaşvili onu “satqın” adlandırmışdı.)

“Demorkatik keçiddən demorkatik reqresiyaya”

2012-ci il parlament seçkilərində Gürcüstan vətəndaşları hakimiyyətin seçki yolu ilə dəyişməsinin mümkünlüyünü görmüşdülər. Bu il isə seçkilərlə fiqurların dəyişdiyini, ölkəni idarə edən real güc sahibinin yerində qaldığının şahidi oldular. Bu durumu Şərqi Avropa ölkələrində “demorkatik keçiddən demorkatik reqresiyaya” adlandırırlar. Yəni, demorkatik institutlar oturuşmağa macal tapmadan eroziyaya uğrayır. Gürcüstanda da oxşar proses baş verir. Gürcüstan müxalifəti seçkiləri tanımaqdan imtina etdi. Onlar vətəndaşların səslərini qeyri-legitim yollarla və çirkli üsullarla almaq cəhdlərinin olduğunu dedilər. Dekabrın 2-də Gürcüstan müxalifəti Tiflisdə küçə etirzalarına başladı. Nəticədə Gürcüstanda belə bir mənzərə yarandı: cəmiyyətdə ciddi ölçüsü olan bir kütlə Saakaşvilinin dönüşünü, ya da onun dayaq durduğu siyasi fiquru istəmir, eyni zamanda B.İvanişvilinin ölkəyə nəzarət gücünün artmasını müsbət qarşılamır. Belə demək mümkündürsə, Gürcüstan hazırda “marionet” oyunlarını yaşayır. Bu vəziyyətin bitməsi həm müxalifətdə, həm də iqtidardakı isteblişmentin köklü dəyişməsini tələb edir. Bu isə onu deməyə əsas verir ki, Gürcüstan cəmiyyətində qarşıdakı illərdə yeni siyasi güc axtarışı güclənəcək, həm də yeni, anti-isteblishment hərəkatlar başlaya bilər.

İki fərqli mesaj

2018-ci ildə Cənubi Qafqazda üç ölkədə siyasi rejim keyfiyyəti baxımında fərqlərin daha da dərinləşdiyini müşahidə etdik. Ermənistan və Gürcüstandakı seçkilər və ümumimiyyətlə, il ərzindəki siyasi proseslər Azərbaycan cəmiyyətinə iki fərqli mesaj verdi. Ermənistanın məxməri inqilabı, yəni hakimiyyətin sülh şəraitində, seçki yolu ilə dəyişməsi və ardınca korrupsiyaya qarşı mübarizə cəhdləri, parlamentar rejimə keçid müsbət gələcək modeli kimi görünürsə, oxşar prosesləri çoxdan yaşamış Gürcüstan bu modelin heç də asan oturuşmadığını və dəyişikliksonrası demokratik konsolidasiyanın çətinliklərini göstərir. Gürcüstandakı proseslər Ermənistanda baş verən məxməri inqilabla bağlı eyforiyanı, qismən də olsa, azaldır. Gürcüstanda dəyişiklikdən sonra oliqarxların mümkün siyasi fəallığı, Ermənistanda da oliqarx Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının öz varlığını qoruması və ana müxalifət partiyasına çevrilməsi bu amilin ağırlığını sübut edir. Bu amili tarazlaya biləcək imkanlar vətəndaş cəmiyyətinin və siyasi partiyaların institulaşmasında yatır. Azərbaycanda isə vətəndaş cəmiyyətinin və siyasi partiya institutlarının çox zəif olması gələcəkdə Azərbaycan siyasətində oliqarxların özlərini hələ də güclü siyasi aktyor kimi qoruya biləcəklərindən xəbər verir.

Ancaq hər iki ölkədə – Ermənistan və Gürcüstandakı siyasi proseslərin verdiyi başqa mesajlar da var. Birincisi, Azərbaycanla müqayisədə biz bu ölkələrdə siyasi həyatın canlandığını, siyasi partiyaların cəmiyyətdə daha önəmli rol oynadığını görürük. İkincisi, hakimiyyətin bir əldə cəmləşdiyi Azərbaycandan fərqli olaraq, Ermənistan və Gürcüstanda hakimiyyəti paylaşan parlamentar rejim yaranıb. Parlamentarizm Azərbaycan üçün ən yaxın qonşularından gələn nümunəyə çevrilir və Azərbaycan müxalifətindəki parlamentar rejim çağırışlarının daha da güclənməsinə xidmət edir. Ancaq Ermənistanda siyasi dəyişikliyin sülh şəraitində baş tutmasına imkan yaradan bir amil də vardı. Bu, hələ Sarkisyan rejimi dönəmində parlamentdə digər siyasi qüvvələrin və gerçək müxalifətin mövcud olmasıdır.

Qonşularının siyasi fəallığını artırması Azərbaycan ictimaiyyətinə təsir etməyə bilməz. Gələcək illərdə bu ölkələrin siyasi dinamizmi Azərbaycan ictimaiyyəti üçün siyasi kontrast yaradacaq. Məsələn, həm İrəvanda, həm də Tiflisdəki böyükşəhər bələdiyyəsi – mer seçkiləri Bakı üçün eyni tələblərin daha da güclənməsinə təsir edə biləcək kontrastı ortaya çıxarır. Azərbaycan müxalifəti oxşar tələbi artıq səsləndirib.

Mifləri dağıtmaq olar

Ermənistandakı demokratik dəyişiklik Gürcüstan, Ukrayna kimi postsovet ölkələrinin demokratikləşmə baxımından istisna olmaqları, digərlərindən fərqli, demokratikləşməyə açıq mədəniyyətə sahib olmaqları haqqında mifi dağıdır. Eləcə də, “demokratikləşmə və ya Qarabağ” dilemmasını zəiflədir.

Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycan ictimaiyyəti üçün daha bir sadə kontrast da ortaya çıxır. Bu, siyasi səhnədəki aktyorların, eləcə də nəsilllərin sürətlə dəyişməsidir. Siyasi şərhçi Anahit Şirinyan Ermənistandakı demokratik dəyişikliklərin “Qarabağ hərəkatı” nəslinin nümayəndələrini baş rollardan çıxardığını deyir.

Siyasi rejim keyfiyyəti baxımından üç Cənubi Qafqaz ölkəsi arasındakı fərqlərin daha da dərinləşməsi, Ermənistan və Gürcüstanda 2018-ci ildə baş verən siyasi proseslərin Azərbaycan ictimaiyyətinə verdiyi kontraslı mesajlar Azərbaycanı regional siyasi mühitə daha çox bağlayır, ümumregion siyasi sferasının güclənməsinə xidmət etmiş olur.