Kanan Aslanli

Policy Analyst

AZƏRBAYCANDA INTIHAR STATISTIKASI

09.08.2018 / Yalnız 2018-ci ilin birinci yarısında 310 ölümlə nəticələnən intihar və ya intihara cəhd baş verib


Main caption test

Hər il təxminən 800 min adam intihar səbəbiylə ölür və bu hər 40 saniyədə bir nəfər deməkdir. İntihar ömür boyu baş verə bilən bir şeydir və qlobal səviyyədə 15-29 yaş arasındakı insanların ölümünün ikinci aparıcı səbəbidir. İntihar qlobal bir fenomendir, amma 2015-ci ildə intiharların 78% -i aşağı və orta gəlirli ölkələrdə baş vermişdir.

İntihar bütün dünyada ölümlərin 1,4% -ni təşkil edir və bu, 2015-ci ildə dünyada 17-ci ölüm səbəbidir. İntiharların və intihar cəhdlərinin qarşısını almaq üçün effektiv və sübuta əsaslanan müdaxilələr və preventiv tədbirlər əhali qrupları və fərdi səviyyədə tətbiq edilə bilər. İntihar nəticəsində ölən hər bir yetkin üçün o ərazidə intihara cəhd edən və ya ən azı bunu düşünən 20-dən çox başqa adam ola bilər (Dünya Səhiyyə Təşkilatı, İntihar statistikası 2018).

Post-sovet ölkələrinin bir çoxunda intiharların ümumi sayı (Rusiyada 31 mindən artıq, Ukraynada 8000-ə yaxın, Qazaxıstanda 3000-ə yaxın, Özbəkistanda 2000-dən artıq, Gürcüstan və Ermənistanda 100-200 arası bir ildə intiharla ölüm halları) və hər 100 min nəfər əhaliyə nisbəti yüksəkdir. Azərbaycanda intihar risklərinin rəsmi açıqlanan statistikası olmasa da (Dünya Səhiyyə Təşkilatı da Azərbaycanla bağlı statistika açıqlamır), informasiya agentliklərindən toplanan məlumatlar bu sahədə ölümlü intihar hadisələrinin sayının az olmadığını deməyə əsas verir 2017-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqlarına ölüm səbəbi intihar olan 495 meyit gətirilib. Beləliklə də 2017-ci ildə təqribən hər 3 gündə 4 intihar hadisəsi baş verib və hər 100 min əhaliyə 5-6 ölümlü intihar hadisəsi düşüb.

Bu məqalə üçün Azərbaycanın intihar statistikası “Report” və APA informasiya agentliklərinin intihar hadisələri üzrə gündəlik məlumatlarının toplanması yolu ilə hazırlanıb. Burada birbaşa ölümlə nəticələnən intihar hadisələri ilə intihara cəhdlər bir-birindən ayrılıb və hər ikisi üzrə məlumatlar toplanmışdır. Ancaq bir məqamı da qeyd edək ki, birbaşa ölümlə nəticələnməyən intihara cəhdlərdə bir sıra hallarda intihara cəhd edən şəxslər ölümcül yaralanırlar və sonrakı günlərdə onların ölüm riski yüksək olur. Yəni intihara cəhdlərin də hadisə günü olmasa da, ondan bir müddət sonra ölümlə nəticələnməsi faktları vardır.

2018-ci ilin 6 ayı ərzində isə 310-a yaxın birbaşa ölümlə nəticələnən intihar hadisəsi və ya intihara cəhd hadisəsi baş verib. Bunlardan 200-ə yaxını birbaşa ölümlə nəticələnən intihar hadisəsidir. Bütün bu intihar hadisələrini törədənlərin ortalama yaşı 37 olub. İntihar edən ən gənc inanın 11 yaşı, ən yaşılının isə 87 yaşı olub. Hər yaş qrupundan intihar edənlərin olmasına baxmayaraq, bu hadisələri törədənlərin təqribən yarısının yaşı 15-35 yaş intervalında dəyişir. İntihar törədən hər dörd nəfərdən üçü kişi, biri isə qadın olub. Bakı, Gəncə, Sumqayıt və Mingəçevir kimi böyük şəhərlərlə yanaşı, Tovuz, Şəmkir, Cəlilabad, Bərdə, Şəki kimi bölgələrdə 2018-ci ilin ilk yarısında daha çox intihar hadisələri olmuşdur.

İntihar hadisələrinin hansı motivlə törədilməsi bir çox hallarda ictimaiyyətə bəlli olmur. Ancaq bəlli olan və intihar törədənlərin yaxınları tərəfindən söylənən səbəblər içərisində ailə münaqişələri, ağır xəstəliklər, maddi çətinliklər, xüsusilə banklara külli miqdarda borcun olması önə çıxır. İntihar etmək yolu kimi həm qadınların, həm kişilərin istifadə etdikləri metod olaraq “iplə asılmaq” önə çıxır.

Bundan başqa daha çox qadınların istifadə etdikləri metodlar içərisində “sirkə turşusu içmək” və digər üsullarla zəhərlənmək, daha çox kişilərin istifadə etdikləri metodlar içərisində isə “binadan özünü atmaq” və “özünə bıçaqla xəsarət yetirmək” kimi üsullar ön plana çıxır. Azərbaycanda intihar törədənlər (xüsusilə qadınlar) bəzən daha qeyri-adi və sərt intihar üsullarına əl atıblar (məsələn, iynə udmaq və ya öz boğazını iti alətlə kəsmək).

İntihar riski yüksək olan əhali qruplarının və bölgələrin müəyyən edilməsi önəmlidir. Yaş qrupları üzrə də müəyyən statistik təhlillərlə intihar edənlərin yaş baxımından daha dəqiq risk qrupları müəyyən edilə bilər. Önəmli risk faktoru daşıyan əhali qruplarından biri banklara böyük həcmli kredit borcu olan şəxslərdir.

Bankların peşəkar psixoloqlardan və bank işçilərindən ibarət təşkil etdikləri qruplar bu sosial qrupdan olan insanlarla kommunikasiya qurmalıdır. Onlara bir tərəfdən real imkanlar nəzərə alınmaqla borclu vətəndaşlarla kreditin qaytarılması alternativlərini müzakirə etməli, digər tərəfdən isə psixoloji dəstəklər verilməlidir.

Digər bir sosial risk qrupu isə məhkumlardır. Azərbaycanda cəzaçəkmə müəssisələrində intihar halları baş verir və 2017-ci ildə də belə intihar halları qeydə alınıb. İntiharların əksəriyyəti məhkumların düşdükləri psixiloji vəziyyət və törətdikləri cinayətlə əlaqədardır.

Özünə qəsd edən məhkumların əksəriyyəti intihar etməzdən öncə məktub yazaraq bunu etdikləri cinayətlə əlaqələndiriblər. Bu kimi istiqamətlərdə məhkumlar arasında müəyyən profilaktik tədbirlər aparılmalıdır. Narkotik vasitələrin istifadəçiləri də intihar riski yüksək qrupa aiddir. Bəzi xüsusi növ narkotik vasitələri (məsələn, “spays”) qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir və narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır.

Xüsusilə azyaşlılar arasında narkotikdən istifadənin və buna paralel olaraq intihar hadisələrinin artmaması üçün zəruri maarifləndirici və qabaqlayıcı addımlar atıla bilər. Amma hər şeydən öncə intihar statistikası keyfiyyətli bir şəkildə hazırlanmalı, bu mövzu ətarfında tədqiqatlar və geniş ictimai müzakirələr aparılmalıdır.