Toğrul Maşallı

İqtisadçı

VERGİ İSLAHATLARININ MÜƏLLİFİ AZƏRBAYCAN HÖKUMƏTİ DEYİLMİŞ

26.12.2018 / Bir sıra dövlət qurumu və dövlət şirkətlərinin işini xarici korporasiyalar idarə edir

2019-cu il, yanvarın 1-dən Azərbaycanda yeni Vergi Məcəlləsi qüvvəyə minir. 221 maddədən ibarət məcəlləyə 210-dan çox dəyişiklik edilib. Bu dəyişikliklərin necə tətbiq olunacağı, hələ ki, bəlli deyil. Məsələ burasındadır ki, dəyişiklikləri tətbiq etmək üçün əvvəl normativ aktlar qəbul olunmalıdır. Doğrusu, bu günlərdə - ilin, demək olar ki, son həftəsində bir neçə akt qəbul edilib, amma belə qısa zamanda bu qədər qanun aktının qəbulu bazar üçün böyük problemlər vəd edir. Edilən dəyişikliklərə münasibət də birmənalı deyil. Maddələrin bəzilərini müsbət, bəzilərini mənfi (sonuncular, deyəsən. daha çoxdur) dəyərləndirirlər.

Amma bu məsələnin başqa maraqlı tərəfi də var. Dəyişikliklərin olacağını yeni vergi naziri gələndən dərhal sonra demişdilər. Bundan ötrü, əlbəttə, əvvəl sahənin tam təhlili lazım idi. 2018-ci il, iyunun 30-da Vergilər nazirliyi ekspertiza-məsləhət üçün tender keçirdi və tenderin qalibi “McKinsey and Company (Azerbaijan) Inc” oldu. Şirkətin xidmətinin qiyməti 1.5 milyon manat idi.

“McKinsey and Company (Azerbaijan) Inc” nəylə məşğuldur?

“McKinsey and Company” özü beynəlxalq konsaltinq şirkətidir, iri şirkətlərlə, dövlət idarələriylə əməkdaşlıq edərək, strateji idarəçiliklə bağlı məsələlərin həllinə yardım göstərir. 2013-cü ildə bu şirkətin nümayəndələri Azərbaycan prezidentiylə görüşüblər. O zaman şirkət Dünya Bankına yerli kommunikasiya sahəsinin təhlilində kömək edirdi, filial açmaq barədə qərar hələ verilməmişdi. Ancaq 2015-ci ilin devalvasiyası şirkətin ölkədə fəaliyyətini aktual etdi və Bakının mərkəzində filial açıldı. “McKinsey and Company (Azerbaijan) Inc” Vergilər nazirliyinin reyestrinə görə Azərbaycanda 30 sentyabr 2015-ci ildə qeydiyyatdan keçib.

2016-ci ildə “McKinsey and Company (Azerbaijan) Inc” Azərbaycan hökuməti ilə yol xəritələrin hazırlanmasında iştirak edib. Bəzi mənbələrə görə bu xidmət dövlətə 2 milyon dollara başa gəlib.

Həm Vergi Məcəlləsinə dəyişikliklər, həm də Yol xəritələrin həyata keçirilməsi birbaşa “McKinsey and Company (Azerbaijan) İnc”-ə aid deyil, amma dolayı olaraq onların xidmətidir, çünki dəyişiklikləri təklif edərkən əvvəl sahə üzrə əsas problemlər müəyyən olunur, sonra təkliflər verilir. Bunları da məhz “McKinsey and Company (Azerbaijan) Inc” edib.

“McKinsey and Company (Azerbaijan)” həmçinin ölkədə tibbi sığorta sisteminin tətbiqi layihəsində çalışır. Şirkətin məlumatında deyilir ki, “McKinsey and Company (Azerbaijan)” Azərbaycanda təxminən 20 layihədə iştirak edib. Ancaq layihələrdən hansının özəl, hansının dövlətə məxsus olması barədə məlumat verilmir. Üstəlik, şirkətin iştirak etdiyi layihələr nə dövlət satınalmaları reyestrində göstərilir, nə də təhlil və ekspert fəaliyyətinin nəticələri bəllidir.

Maraqlıdır, "McKinsey" şirkətinin adı bir sıra avtoritar rejimlərə rəqibləri necə sıradan çıxartmaq barədə məsləhətlər vermək kimi qalmaqallarda hallanır. Şirkətin Səudiyyə Ərəbistanı hökuməti üçün belə bir xidmət göstərdiyi ilə bağlı nüfuzlu New York Times qəzeti bu ilin oktyabr ayında geniş məqalə dərc etmişdi.

İnflyasiyadan sonra...

2015-ci il hadisələrindən sonra Azərbaycan dövlət qurumlarına xarici şirkətlərin məsləhət və ekspertiza xidmətləri artıb. 2018-ci ildə müxtəlif məsləhət və ekspertiza xidmətləri üzrə bir neçə tender keçirilib. Bu tenderlərdə ya xarici şirkətlərin yerli filialları, ya da birbaşa şirkətlərin özü qalib gəlib, ya da, məsələn, PricewaterhouseCoopersin (PwC) yerli filialı olmasına baxmayaraq, tenderi Polşa filialı udub.

AzərGold MMC və digər dövlət şirkətlərinin xarici mütəxəssislərin köməyindən getdikcə daha çox istifadə etməsi normal görünə bilər. Lakin dövlət qurumlarının belə müqavilələrə tez-tez imza atması bir qədər yenilikdir.

Qanunvericiliklə bağlı fəaliyyətlə yalnız “McKinsey and Company (Azerbaijan)” məşğul deyil. “Dağ-mədən və yerin təkindən istifadə üzrə milli siyasət və qanunvericiliyin təkmilləşdirilməsi işləri” üzrə müqaviləni beynəlxalq təşkilat “Arbor Consulting” qazanıb. Yəni bu sahədə də müəyyən dəyişikliklər gözləyə bilərik.

Xaricilərə vəzifə verilir

Son illər Azərbaycanda məsləhətçi və ya icracı direktor kimi vəzifələri xarici vətəndaşlara verirlər. Hazırda Dövlət Turizm Agentliyi nəzdində Azərbaycan Turizm Bürosunun (birbaşa dövlətə məxsus deyil, amma turizm marketinq kampaniyasını həyata keçirir) icracı direktoru Avstriya vətəndaşı Florian Sengstschmiddir. Bu adam vaxtilə “Pasha Travel”in əməliyyatlar üzrə baş direktoru olub, həmçinin qismən hökumət tərəfindən maliyyəşən Azərbaycan Konqreslər Bürosunun icraçı direktorudur.

“Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə Almaniya vətəndaşı Rodderix Mark Leffer təyin edilib. Kənd Təsərrüfatı nazirinin eksperimental pilot layihələr üzrə məsləhətçisi Martis van Splanterdir.

Azərbaycan hökuməti xarici şirkətlərlə əvvəllər də birbaşa çalışırdı, amma xidmətləri çox vaxt yerli şirkətlərə həvalə edirdi. İndi isə xarici şirkətlərə və mütəxxəsislərə üstünlük verməyə başlayıblar. Hökumətin bu təşəbbüsünü dəyərləndirmək üçün nəticələrə baxmaq lazımdır. Nəticələr isə, hələ ki, qənaətbəxş deyil