Toğrul Maşallı

İqtisadçı

ƏHALİNİN ƏTLƏ TƏMİNATI HƏLƏ İDXALDAN ASILIDIR

26.01.2019 / Ət idxalı son 4 ildə 3 dəfə artıbsa...

Azərbaycanda “ət və süd məhsulları ilə özünü təminetmə 90 %-ə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100 %-dən çox olub.”[1] Bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə tərəfdaşlıq proqramıyla bağlı tədbirdə deyib.

Ərzaq təhlükəsizliyi indi dünyada ən aktual məsələlərdən biridir. Və “ərzaq təhlükəsizliyi” dedikdə söhbət təkcə qidanın təhlükəsizliyindən deyil, həm də əhalinin qidayla tam təmin olunmasından gedir. Azərbaycanda bu işlə birbaşa Kənd Təsərrüfatı nazirliyi məşğuldur.

Ümumdünya ərzaq təhlükəsizliyi üzrə Roma Bəyannaməsi”sində deyilir ki, “adekvat qidalanma və aclıqdan azad olma hüququna əsasən, hər bir insanın sağlamlıq üçün təhlükəsiz və tamdəyərli qida məhsulları əldə etməsi bütün dövlətlər tərəfindən təmin olunmalıdır

Ərzaq təhlükəsizliyi məsələsi Azərbaycanda həm də yerli resurs qıtlığına görə aktualdər. Hətta 2017-ci ildə ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Bu agentliyin əsas fəaliyyəti qida sahəsinin tənzimlənməsi və ölkəyə gətirilən ərzaq məhsulların keyfiyyətinə nəzarət etməkdir. Əhalinin qidayla təminatı da vacib məsələ olduğundan nazirin səsləndirdiyi rəqəmlər, xüsusən də ət və süd məhsulları ilə özünü təminetmə göstəricisi maraqlıdır.

Maraq doğuran həm də Dövlət Gömrük Komitəsinin (DGK) bu yaxınlarda yaydığı məlumatlardır. DGK-nin məlumatına görə, 2018-ci ildə Azərbaycana 47399,29 ton ət və 9511,43 ton süd məhsulu gətirilib. Onların statistik dəyəri 70075 və 12652 min dollar təşkil edib.

Ərzaq təhlükəsizliyi məsələsində xərclənən vəsait nə qədər vacib olsa da, əsas qidanın həcmidir. Həcmə görə isə 2017-ci ilin nəticələri ilə müqayisədə ət idxalı 18,2%, süd idxalı 7,2% artıb. 2015-ci ildən bu yana ət idxalı 3,2 dəfə artıb. Süd idxalında belə ciddi artım müşahidə olunmayıb (2016-ci ildən süd məhsulları idxalının birdən birə 40% azalması nəticəsində 4 il ərzində yalnız 7,6% artım qeydə alınıb).

DGK-nin məlumatları Azərbaycana ət ixrac edən ölkələrin məlumatları ilə üst-üstə düşür. Ancaq əgər ət idxalı 4 il ərzində 3,2 dəfə artıbsa, əhalinin ətlə təmin edilməsi səviyyəsinin 90% olması bir qədər şübhəlidir.

Gömrük komitəsi bir şey deyir, statistika başqa

Ərzaq təminatı məsələsində daha dəqiq hesablamalar aparmaq üçün Dövlət Statistika Komitəsi (DSK) xüsusi “Ərzaq balansı” adlı cədvəllər hazırlayır. DSK-nin rəsmi saytında verilən məlumata görə, 2017-ci ildə ölkədə 150094 ton mal əti, 79194 ton qoyun və keçi əti, 8336 ton donuz əti və 126667 ton quş əti istehlak edilmişdir. Bu da cəmi 364291 ton ət deməkdir. DGK-nin məlumatına əsaslansaq, Azərbaycanda ət məhsullarının idxalından asılılıq 11% təşkil edəcək. Amma “Ərzaq balansı”nın məlumatına görə 2017-ci ildə ölkəyə 57991 ton ət idxal olunub. Bu rəqəm idxaldan asılılığın 16% olduğunu göstərir. Bu fərqi necə izah etmək olar?

Əslində ət əlavələrindən istehsal edilən məhsullar (kolbasa və analoji məhsullar) DGK-nin təqdim etdiyi məlumatlarda ayrı göstərilir. Amma 2017-ci il üçün onların göstəricisi o qədər də çox deyil – 4467,4 tondur. Ola bilər ki, DSK-nin məlumatına həmçinin ət kəsimi üçün idxal edilən diri heyvanlar aid edilib. Diri heyvan məsələsi isə ərzaq təhlükəsizliyinin digər tərəfidir.

2017-ci ildə idxaldan asılılıq 29%-dən çox olub

Kənd təsərrüfatında islahatlar başlanandan ölkədə iribuynuzlu mal-qara, qoyun və keçilərin sayında azalma müşahidə olunub. 2018-ci ilin nəticələrinə görə, 2016-ci il ilə müqayisədə iribuynuzlu mal-qaranın sayında 1,2%, qoyun və keçilərin sayında isə 3% azalma qeydə alınıb. Bununla birlikdə, DSK-nin məlumatına görə Azərbaycan 2017-ci ildə 87933 diri iribuynuzlu heyvan və 132407 qoyun və keçi idxal edib. 2018-ci ilin göstəriciləri DSK tərəfindən təqdim olunmayıb, amma dəyər olaraq 16%-lik artım qeydə alınıb (ilin yalnız 9 ayı ərzində müvafiq olaraq 77583 və 76858 baş idxal edilib, sonuncu rübdə isə dəyər olaraq bunun yarısı qədər idxal qeydə alınıb).

Diri heyvan məsələsinə gələndə DGK-nin məlumatları ixracatçı ölkələrin məlumatları ilə üst-üstə düşmür. Azərbaycana diri heyvan ixrac edən ölkələrin məlumatına görə, 2017-ci ildə ölkəyə 126,3 min iribuynuzlu və 116 min qoyun və keçi gətirilib.

Azərbaycana diri heyvan ixrac edən əsas ölkələr Ukrayna və Gürcüstan idi. 2018-ci ildə bu ölkələr tərəfindən təqdim edilən statistika fərqlidir; Ukrayna üzrə azalma qeydə alınıb, amma Gürcüstan tərəfinin məlumatına görə Azərbaycana diri heyvan ixracı 37,1% artıb.

Bütün bunlar bizi ət məhsulları ilə təminetmə göstəricisinə yenidən baxmağa məcbur edir. Çünki diri heyvan idxalının artmasına baxmayaq, ölkə üzrə mal-qaranın sayı azalmaqdadır. Deməli, ya idxal olunan hissə, ya da idxal olunan mal-qara ilə əvəz edilən yerli mal-qara ət kəsimi üçün istifadə olunur. Hər iki halda yenə idxaldan asılılıq yaranır.

Yuxarıdakı rəqəmləri nəzərə alsaq, ortaya tamamilə başqa göstərici çıxacaq. Çünki hətta ən minimal hesablamalar ilə (bir baş iribuynuzlu heyvanı 350 kiloqram ət, bir baş qoyunu isə 35 kiloqram kimi götürsək) əlavə 44205 ton mal əti və 4060 ton qoyun əti sərf olunur. Bu isə o deməkdir ki, 2017-ci ildə idxaldan asılılıq 29,16% olub. 2018-ci ildə də ümumi tendensiyalarda ciddi dəyişikliyin baş verməməsi ət ilə təminetmənin eyni səviyyədə qaldığını deməyə əsas verir.