Toğrul Maşallı

İqtisadçı

ALİ TƏHSİL PULLUDUR?

25.01.2019 / Azərbaycanda tələbələrin üçündən ikisi pullu təhsil alır

Ali təhsil məsələsi həmişə cəmiyyətin diqqət mərkəzindədir. Hər hansı inkişafın ali təhsil sistemindən asılı olduğunu hamı başa düşür. Amma indi bu sahədə də biz tədricən maraqlı tendensiyalar müşahidə edirik. Məsələn, son illər ali təhsilin bahalaşdığını görürük. Ali təhsil müəssisələri qiymətlərini qaldırmaqdadır. Düzdür, tələbə krediti sistemi fəaliyyətə başlayıb, amma sistem hələ ciddi təsir edə bilmir. Başqa tərəfdən hətta ali təhsil müəssisəsinə qəbul olunmaq prosesi dövlət büdcəsindən ayrılıb və yalnız bir neçə halda dövlət tərəfindən maliyyəşdirilir. Qəbul prosesi tamamilə publik hüquqi şəxslərə verilib. Onlar isə xidmətlərini, müvafiq olaraq, pullu ediblər.

Ümumiyyətlə, son illər hökumət tərəfindən irəli sürülən bir çöx təşəbbüs ali təhsilin çevrəsini azaltmağa yönəlib. Nəticədə ali təhsil yalnız imkanı olan və öz əməyi və tədrisi hesabına yüksək ballar əldə etmiş şəxslərə açıqdır. Qəbul imtahanlarının və ümumi təhsil sisteminin tədrisinin fərqlənməsi nəticəsində bu çevrə daha da daralır.

Rəsmi statistika əhalinin təhsil xərclərinin çoxladığını göstərir. Rəsmi məlumata görə, 2017-ci ildə Azərbaycan əhalisi təhsilə 615 milyon manat xərcləyib. Onun da 259 milyon manatı ali və orta təhsil sahələri üzrə xərclərə aiddir. Tendensiyanı cədvəl 1-də görə bilərsiz.

Cədvəldə təhsil xidmətlərinə xərclərdə sabit artım müşahidə olunur. Təəsüflər olsun ki, Dövlət Statistika Komitəsi ali, orta və ümumi təhsil üzrə xərcləri ayrı-ayrı göstərmir. Amma biz özümüz də müəyyən məlumatları tapa bilərik. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 28 qeyri-dövlət ümumi təhsil müəssisəsi mövcuddur. Bu müəssisələrdə 10928 şağird oxuyur (əvvəlki il ilə müqayisədə 24,7% artım). Açıq mənbələrə əsasən deyə bilərik ki, bu məktəblərdə orta olaraq bir illik təhsil haqqı müxtəlifdir. Amma, misal üçün, xarici dillərdə tədrisi həyata keçirən özəl məktəblərdə 11 min manat təşkil edir (orada 2848 şağird oxuyur). Cəmi olaraq, biz bu bazarı 60-70 milyon manat civarında hesablaya bilərik. Dövlət ümumi təhsil müəssisələrində isə təhsil haqqı yoxdur.

Orta ixtisas təhsili müəssisələrində vəziyyət ali təhsil sahəsinə oxşayır. Belə ki, 2017-ci il üzrə məlumatlara görə, ölkədə yalnız 2 özəl orta ixtisas təhsil müəssisəsi mövcuddur (vaxtilə 4 idi). Bu müəssisələrdə 3 mindən bir qədər çox tələbə təhsil alır və onların cəmi xərci 2,9 milyon manat təşkil edir. Dövlət orta ixtisas təhsili müəssisələrində təhsil haqqını müqavilə əsasında tam ödəməklə oxuyan tələbələrin sayı 23,2 min təşkil edir. Onların payı da 50%-i üstələyir. Bununla bağlı xərcləri biz dövlət büdcəsinin rəqəmlərinə əsasən hesablamağa çalışdıq (dövlət büdcəsindən orta təhsilə ayrılan vəsaitlər əsasında və ödənişli əsaslar ilə oxuyanlar ən azı o məbləği ödəməlidirlər). Cəmi olaraq, təhsil haqqı ilə oxuyanların xərci 50 milyon manata yaxın vəsait edir. Bu xərclər də təxmini olaraq 50 milyon manat təşkil edir. Cəmi dövlət orta ixtisas təhsilli müəssisələrində oxuyan tələbələrin sayı 2013/2014-cü təhsil ilinə nisbətdə 2017/2018-ci təhsil ilində 27,3% azalıb.

Qalan xərclər isə birbaşa olaraq ali təhsilə aiddir. Təxmini olaraq, bizim hesablamalarımıza görə 149 milyon manat qalır (bu məbləğ bir qədər çox ola bilər). Bu məbləğ bir çox universitetlər arasında bölünür. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycanda indi 51 ali təhsil müəssisəsi mövcuddur. Onların 12-si qeyri-dövlət ali təhsil müəssisələridir. Burada 14326 tələbə təhsil alır. Qalan 37 dövlət ali təhsil müəssisədə 93490 tələbə təhsil haqqını müqavilə əsasında tam ödəməklə oxuyur (tendensiyaları daha aydın cədvəl 2-də görə bilərsiz).

Əgər özəl universitetlərdə və dövlət ali təhsil müəssisələrində ödənişli əsaslar ilə oxuyan tələbələri cəmləsək, bizdə 107816 tələbə alınacaq. Bu isə cəmi tələbələrin 64,3%-ni təşkil edir. Eyni zamanda bir tələbəyə orta illik 1382 manat təhsil haqqı düşür.

Gördüyümüz kimi, ali təhsil tədricən ödənişli əsaslar ilə fəaliyyət göstərməyə başlayır. Ölkə üzrə tələbələrin 1/3-i pulsuz oxuyur. Maraqlıdır, təqaüd verilməsi ilə bağlı qaydalara sonuncu dəyişikliklərdən sonra, onlar hətta əla oxuduqları halda təqaüddən məhrum ola bilərlər.